Bosforda azərbaycanlı qadının meyiti tapılıb | YENILƏNİB
Qadının axtarışlarına İstanbul Dəniz Limanı Şöbə Müdirliyinə məxsus 2, Sahil Təhlükəsizliyinə aid 1 və Sahil Mühafizə Xidmətinə məxsus 1 qayıq cəlb edilib.
Qadının meyiti Bosfor boğazının İstanbulun Haydarpaşa ərazi sularında tapılıb. Meyit ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertiza Qurumuna göndərilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
13:17
İstanbulun Kadıköy rayonunda sərnişin bərəsinə minərək Beşiktaş istiqamətində yola düşən azərbaycanlı qadın müəmmalı şəkildə itkin düşüb.
Türkiyə KİV-lərinin məlumatına görə, 44 yaşlı Məhfurə Hüseynova mayın 2-də yerli vaxtla saat 22:00 radələrində bərəyə minib. Lakin gəmi Beşiktaşa çatdıqda məlum olub ki, qadın artıq göyərtədə yoxdur – yalnız onun çantası tapılıb. Hüseynovanın axtarışı zamanı müşahidə kameraları yoxlanılsa da, onların aprelin 14-dən işləmədiyi üzə çıxıb.
Kadıköy limanındakı kameraların görüntülərinə baxış zamanı qadının turniketdən keçərək saat 22:30 radələrində bərəyə mindiyi müəyyən edilib. Hüseynovanın qızı Nigar Yusifli videodakı şəxsin anası olduğunu təsdiqləyib. Eyni zamanda, Beşiktaş limanındakı kameraların görüntülərinin təhlili göstərib ki, bərədən düşən sərnişinlər arasında qadın olmayıb.
Azərbaycanlı qadının dənizə düşə biləcəyi ehtimalı nəzərə alınaraq axtarışlara sahil mühafizəsi, dalğıclar və polis cəlb olunub. Axtarışlar həm quruda, həm də sahilyanı ərazilərdə davam etdirilir. Üç gün davam edən axtarışlara baxmayaraq, qadının izinə rast gəlinməyib.
AzVision.az
Teqlər: Kriminal







Vaxtında, Aydın, Lazımlı!


